Tramp Zelenskiyə sülh naminə Krımdan və NATO-dan əl çəkməyi təklif edir
ABŞ prezidenti Donald Tramp deyir ki, Ukrayna prezidenti Volodimir Zelenski Krımdan və NATO üzvlüyündən imtina etsə, Rusiya ilə münaqişəni dərhal dayandıra bilər.
"Ukrayna prezidenti Zelenski istəsə, demək olar, dərhal Rusiya ilə müharibəyə son qoya bilər... Hər şeyin necə başladığını xatırlayın. [Barak] Obamanın (12 il əvvəl bir atəş açmadan) verdiyi Krımın qaytarılması və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişmir", - Tramp "Truth" hesabında yazıb.
Volodimir Zelenski Ağ evə gəlib. Eyvanda onu Donald Tramp qarşılayıb.
Zelenski qara kostyumda və qalstuksuz qara köynəkdə gəlib.
Tramp bu gün hər şeyin bitəcəyini söyləyə bilməyəcəyini deyib. "İnsanlar ölür və biz bunu dayandırmaq istəyirik. Bütün bunu dayandırmaq üçün yaxşı şansımız var".
Tramp əlavə edib ki, Putin də münaqişənin bitməsini istəyir.
"Bizə davamlı sülh lazımdır. Ümid edirəm ki, bu, dərhal baş verəcək", - o bildirib. "Qətləri dayandırmaq üçün atəşkəs ideyasını bəyənirəm. Ancaq döyüşlər gedə-gedə də sülh razılaşması üzərində işləmək olar".