Deputat: 'Köhnə sovet silahlarını Ukraynaya qaytara bilərik'

Rasim Musabəyov

Rusiyanın Ukraynadakı SOCAR bazalarına hücumuna Azərbaycan hökumətinin cavabı Kiyevə silah verməsi ola bilər. Bunu AzadlıqRadiosuna deputat Rasim Musabəyov deyir. Rusiya Silahlı Qüvvələri avqustun 18-nə keçən gecə dronla SOCAR-ın Odessadakı neft terminallarını vurub. Bundan öncə də eyni tipli hücum avqustun 8-də olmuşdu, SOCAR-ın Odessadakı neft anbarı vurulmuşdu, dörd nəfər yaralanmışdı. Rusiya bu ardıcıl hücumlarla bağlı bir açıqlama verməyib.

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov AzadlıqRadiosuna deyir ki, Rusiyanın bu davranışı təhdid, Azərbaycanı cəzalandırmaq istəyidir, lakin bu, iki ölkə arasında məsafəni dərinləşdirəcək. Cavab tədbirlərinə gəlincə, o bildirir ki, bu, nə Azərbaycanın maraqlarına uyğundur, nə də buna imkan var. Amma başqa üsullarla bu davranışın cavabını verə bilər: "Rusiyaya qarşı sanksiyalara qoşulmurduq. İndi düşünürəm ki, Azərbaycan öz mövqeyini dəyişəcək və o, müzakirələrdə Rusiyanı qınayan qətnamələrə qoşulacaq. Eyni zamanda, Ermənistan gəlib bizim torpağımızı işğal etmişdi, Azərbaycan torpağında Azərbaycana qarşı müharibə aparırdı və Rusiya heç nədən utanmadan Xəzər və İran ərazisindən Ermənistana 44 günlük müharibə zamanı 1 milyard dollarlıq müftə silah ötürmüşdü. Belə olan halda, Azərbaycan da Ukraynanın hərbi silahla bağlı müraciətlərinə müsbət yanaşa bilər. Ukrayna bizə vaxtı ilə 100 ədədə yaxın tank satmışdı, 12 dənə "MiQ-29" təyyarə satmışdı, cürbəcür silah növləri satmışdı. O silahlar bizə artıqdırsa, biz öz ordumuzu daha çox Türkiyə, İsrail silahı ilə təchiz etmək istəyiriksə və özümüzün də istehsalımız varsa, köhnə sovet silahlarını biz Ukraynaya qaytara bilərik, sata bilərik. Buna görə Rusiyanın gəlib bizi qınamağa heç bir haqqı yoxdur".

Şahin Cəfərli

Rusiyanın niyyəti

Bakıda siyasi şərhçi Şahin Cəfərli öz Facebook hesabında yazır ki, Azərbaycanın neft şirkətinin hədəf alınması Azərbaycana həm xəbərdarlıq, həm də onun iqtisadi maraqlarına zərbə kimi qiymətləndirilməlidir: "Rusiya ona nail olmağa çalışır ki, Azərbaycan 10 noyabr 2020-ci il Bəyanatının çərçivələri daxilində və bu sənədlə əsası qoyulmuş üçtərəfli formatın içərisində qalsın. Eyni zamanda, Moskva münasibətlərin yenidən 2022-ci il 22 fevral tarixli müttəfiqlik anlaşmasındakı qarşılıqlı öhdəliklərə uyğunlaşdırılmasını gözləyir".

10 noyabr Bəyanatı 2020-ci il müharibəsini dayandırmaq üçün Azərbaycan-Ermənistan-Rusiya dövlət başçılarının imzaladığı siyasi sənəddir. Vaşinqton görüşündə sülh mətni paraflandıqdan sonra Rusiyanın nəzarətini önə çəkən bu sənədin aktuallığı suallar doğurub. Rusiyanın Ukraynaya hücumundan iki gün əvvəl Azərbaycanla imza atdığı müttəfiqlik bəyannaməsində isə iki ölkə arasında siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir.

Rusiya tərəfinin SOCAR-ın neft bazalarına hücumu ilə bağlı bir açıqlaması yoxdur hələlik, amma Ukrayna prezidenti Volodimir Zelenski bunun qəsdən edildiyini, təkcə Ukraynanın enerji təhlükəsizliyinə deyil, həm də əlaqələrinə edilmiş hücum kimi qiymətləndirib. Azərbaycan tərəfinin rəsmi açıqlaması olmasa da, SOCAR anbarına əvvəlki hücumdan sonra prezident Əliyev ukraynalı həmkarı ilə telefonla müzakirədə bunun məqsədli edildiyini açıqlamışdılar, bu hücumların iki ölkə arasındakı energetika sahəsində əməkdaşlığın dayandırılmasına səbəb olmayacağını deyiblər.