Tramp Lukaşenko ilə 1300 siyasi məhbusun buraxılmasını müzakirə edib

Donald Tramp və Aleksandr Lukaşenko

ABŞ prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenko ilə "gözəl" telefon söhbəti olduğunu bildirib.. Trampın sözlərinə görə, söhbət əsnasında o, 1300 belaruslu siyasi məhbusun azad olunmasını müzakirə edib.

"Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1300 məhbusun azad olunmasını da müzakirə edirik. Söhbətimiz çox yaxşı keçdi. Biz bir çox mövzuları, o cümlədən [Rusiya prezidenti Vladimir] Putinin Alyaskaya səfərini müzakirə etdik. Gələcəkdə prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm", - Tramp özünün "Truth" sosial şəbəkə səhifəsində yazıb.

ABŞ prezidenti konkret olaraq hansı 16 məhbusdan bəhs etdiyini açıqlamayıb. Lukaşenkonun mətbuat xidməti iyulda 16 məhbusun əfv olunduğunu bildirmişdi. Həmin vaxt adlar açıqlanmamışdı.

Belarusun "BelTA" agentliyi xəbər verir ki, söhbət zamanı Tramp və Lukaşenko "ikitərəfli gündəlikdəki məsələləri, regional mövzuları və Ukrayna da daxil olmaqla qaynar nöqtələrdəki vəziyyəti müzakirə ediblər". Lukaşenko Trampı Minskə dəvət edib. Trampın dəvəti qəbul etdiyi bildirilir.

İyunun 21-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Minskə səfər edib. O, Lukaşenko ilə görüşüb. Həmin gün müxalifət lideri Sergey Tixanovski də daxil olmaqla 14 siyasi məhbus azadlığa buraxılıb. Tixanovski 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırırdı, lakin həbs olundu.