Maliyyə Nazirliyi: Subsidiyalar artıb, məhsuldarlıq azalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

'Doyunca su tapa bilmirik' - Ucarda fermerlər susuzluqdan şikayətçidirlər

Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və güzəştlərin tətbiqi üçün 2020-2024-cü illərdə dövlət büdcəsindən 2.2 milyard manatdan artıq vəsait yönəldilib.

Bu barədə Maliyyə Nazirliyinin bu gün, avqustun 18-də yaydığı hesabatda bildirilir.

Vurğulanır ki, son dövrlərdə subsidiyaların məbləği ilə istehsalının həcmi arasında uyğunsuzluqlar aşkar edilib: "Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub. Habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb".

Dövri mətbuatda yer alan iddialara görə də, Azərbaycanda bəzi hallarda əkin işləri kağız üzərində aparılıb. Həmin iddialarda vurğulandığına görə, bəzi məmurların qanunsuz əməlləri nəticəsində subsidiyaların verilməsində pozuntu halları baş verib. Lakin hüquq-mühafizə orqanlarının bununla bağlı ayrıca hesabatı olmayıb.

Xatırlatma

Azərbaycanda yanacağın qiymətlərinin artırılması ilə paralel olaraq 2007-ci ildən aqrar subsidiyaların verilməsinə dair qərar açıqlanıb. Sonradan subsidiyaların həcmində artım baş verib.

Bitkiçilik üzrə subsidiyaların məbləği müxtəlifdir. Onların baza məbləği 200 manat müəyyən edilib. 2024-cü ildə, məsələn, buğdada əkin əmsalı 1.1, əkin subsidiyasının məbləği isə 220 manat götürülüb. 2025-ci ildən etibarən sudan səmərəli istifadənin və ətraf mühitin qorunmasının dəstəkənməsi məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat əlavə əkin subsidiyasının veriləcəyi açıqlanıb.

Təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil edilir.