Keçid linkləri

2025, 18 Avqust, Bazar ertəsi, Bakı vaxtı 23:28

Paşinyan: 'Qarabağ mövzusu bağlanmadan sülh mümkün deyil'


Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyev və prezident Donald Trampla imzalanmış üçtərəfli sazişi göstərir.
Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyev və prezident Donald Trampla imzalanmış üçtərəfli sazişi göstərir.

Avqustun 18-də Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu deyib.

Avqustun 18-də Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində Vaşinqton görüşündə əldə edilən razılaşmalara toxunub. O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. AzadlıqRadiosunun erməni xidməti baş nazirin canlı yayımda dediklərini dərc edib.

"Avqustun 8-dən sonra biz tamamilə fərqli bir Cənubi Qafqazda, tamamilə fərqli bir Ermənistanda yaşayırıq. Sülh şəraitində yaşamağın nə demək olduğunu, demək olar ki, sıfırdan öyrənməliyik", - baş nazir bəyan edib.

Vaşinqton razılaşmalarından sonra Ermənistanın 30 ildən artıq davam edən blokadadan çıxarıldığını vurğulayan Paşinyan əlavə edib: "Əgər biz deyiriksə, Ermənistan Respublikasının suveren əraziləri var ki, hazırda Azərbaycanın nəzarəti altındadır, eyni zamanda, deməliyik ki, Azərbaycanın da bizim nəzarətimizdə olan suveren əraziləri var və bu qarşılıqlı məsələ demarkasiya prosesi çərçivəsində həll olunmalıdır".

Ötən ilin mayında delimitasiya işləri nəticəsində 12.7 kilometr uzunluğunda sərhəd xəttinin müəyyən edildiyi açıqlanıb. Bununla da Qazax rayonunun ötən əsrin 90-cı illərində işğal olunan dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycanın nəzarətinə qaytarılması təmin edilib.

Azərbaycan buna qədər ümumilikdə 8 kəndinin, Ermənistan isə 31 kəndinin ərazilərinin işğalda qaldığını bildirirdi.

Ermənistan hakimiyyətinin açıqlamasına görə, Azərbaycan 2021-ci ildən başlayaraq Ermənistanın suveren ərazisinin bir hissəsini - 139 kvadrat kilometr ərazini işğal edib. Azərbaycan isə bu iddiaları rədd edir.

"Qarabağa qayıdış real deyil"

Paşinyan xalqa müraciətində bildirib ki, Qarabağ mövzusu qapadılmadan sülh mümkün deyil və Qarabağdan didərgin düşənlərin geri qaytarılması ilə bağlı ideyalar real deyil.

"Bu strategiya ilə razılaşmayanlar, istəsələr də, istəməsələr də, münaqişənin yenidən canlandırılması məntiqinə düşürlər. Qarabağdan didərgin düşmüş həmvətənlərimiz Ermənistanda məskunlaşmalı, burada yaşamalı, yaradıcı fəaliyyətlə məşğul olmalı və Ermənistan Respublikasının tamhüquqlu vətəndaşı kimi cəmiyyətə inteqrasiya olunmalıdırlar", - Ermənistanın baş naziri bildirib.

"Bu sülh – "Real Ermənistan" ideologiyasının qələbəsidir. Sülh bərqərar olunub və bizim vəzifəmiz bu sülhü qorumaq və zamanla daha da institusional etməkdir", - Paşinyan müraciətini yekunlaşdırıb.

Azərbaycan prezidenti İlham Əliyev avqustun 8-də demişdi ki, sülh sazişinin ABŞ-də paraflanması o deməkdir ki, tərəflərdən heç birinin geri addım atacağına dair heç bir şübhə olmamalıdır: "Əgər belə fikirlərimiz olsaydı, biz bura gəlməzdik".

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ prezidentinin şahidliyi ilə bəyannamə imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb və regional nəqliyyat dəhlizi ilə bağlı razılıq əldə olunub. Avqustun 11-də Yerevan və Bakı eyni vaxtda 17 bənddən ibarət, Vaşinqtonda paraflanmış sülh sazişi sənədini açıqlayıblar.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bundan sonra Qarabağdan ermənilərin köçü başlayıb. Yerevan bunu "etnik təmizləmə" adlandırsa da, Bakı iddiaları rədd edib.

XS
SM
MD
LG