Avqustun 18-də Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində Vaşinqton görüşündə əldə edilən razılaşmalara toxunub. O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. AzadlıqRadiosunun erməni xidməti baş nazirin canlı yayımda dediklərini dərc edib.
“Avqustun 8-dən sonra biz tamamilə fərqli bir Cənubi Qafqazda, tamamilə fərqli bir Ermənistanda yaşayırıq. Sülh şəraitində yaşamağın nə demək olduğunu, demək olar ki, sıfırdan öyrənməliyik,” baş nazir bəyan edib.
Vaşinqton razılaşmalarından sonra Ermənistanın 30 ildən artıq davam edən blokadadan çıxarıldığını qeyd edən Paşinyan əlavə edib: “Sülhün yeni məntiqi ondan ibarətdir ki, əgər biz deyiriksə, Ermənistan Respublikasının suveren əraziləri var ki, hazırda Azərbaycanın nəzarəti altındadır, eyni zamanda, deməliyik ki, Azərbaycanın da bizim nəzarətimizdə olan suveren əraziləri var və bu qarşılıqlı məsələ demarkasiya prosesi çərçivəsində həll olunmalıdır,” baş nazir vurğulayıb.
Paşinyan həmçinin bildirib ki, Qarabağ mövzusu qapadılmadan sülh mümkün deyil və Qarabağdan didərgin düşənlərin geri qaytarılması ilə bağlı ideyalar real deyil.
“Bu strategiya ilə razılaşmayanlar, istəsələr də, istəməsələr də, münaqişənin yenidən canlandırılması məntiqinə düşürlər. Qarabağdan didərgin düşmüş həmvətənlərimiz Ermənistanda məskunlaşmalı, burada yaşamalı, yaradıcı fəaliyyətlə məşğul olmalı və Ermənistan Respublikasının tamhüquqlu vətəndaşı kimi cəmiyyətə inteqrasiya olunmalıdırlar,” Ermənistanın baş naziri bildirib.
“Bu sülh – Real Ermənistan ideologiyasının qələbəsidir. Sülh bərqərar olunub və bizim vəzifəmiz bu sülhü qorumaq və zamanla daha da institusional etməkdir,” deyə Nikol Paşinyan müraciətini yekunlaşdırıb.
Azərbaycan prezidenti İlham Əliyev avqustun 8-də demişdi ki, sülh sazişinin ABŞ-də paraflanması o deməkdir ki, tərəflərdən heç birinin geri addım atacağına dair heç bir şübhə olmamalıdır: “Əgər belə fikirlərimiz olsaydı, biz bura gəlməzdik".
Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ prezidentinin şahidliyi ilə bəyannamə imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb və regional nəqliyyat dəhlizi ilə bağlı razılıq əldə olunub. Avqustun 11-də Yerevan və Bakı eyni vaxtda 17 bənddən ibarət, Vaşinqtonda paraflanmış sülh sazişi sənədini açıqlayıblar.