Kabil sakinləri AzadlıqRadiosuna bildirib ki, onlar düyü dilənir və "ölümü qəbul etməyə hazırdırlar". Ümumdünya Ərzaq Proqramı (WFP) isə bildirib ki, onlar qida mərkəzlərindən "yüz minlərlə insanı geri çevirir".
WFP-nin ölkə üzrə direktoru Con Aylieff deyib ki, quraqlıq, beynəlxalq yardımların kəsilməsi və 1.5 milyon əfqanın İrandan və Pakistandan məcburi geri göndərilməsi yoxsulluq içində olan ölkədə kəskin qida çatışmazlığının güclənməsinə səbəb olub.
"Biz qıtlığın qarşısını almaq üçün əlimizdən gələni etməliyik", - o, AzadlıqRadiosuna bildirib. "Bu misli görünməmiş vəziyyət ola bilər, çünki qış ərzində 10-15 milyon insanın ərzaq yardımına ehtiyacı ola bilər. Hazırda biz maliyyələşdirilmirik və heç bir həll olmayacaq".
Əfqanıstandakı Ümumdünya Ərzaq Proqramı bildirib ki, önümüzdəki altı ay ərzində ölkədəki ən ehtiyaclı ailələrə yardım etmək üçün bütün proqramlara təxminən 539 milyon dollar tələb olunur.
Lakin bir çox donorlar yardımlarını azaldıblar. 2025-ci il üçün "WFP Əfqanıstan" təxminən 155 milyon dollar maliyyə dəstəyi aldığını bildirib. Bu, bir il əvvəl təxminən 560 milyon dollar, 2022-ci ildə isə təxminən 1.6 milyard dollar olan yardımla müqayisədə çox azdır.
"ABŞ onilliklər ərzində Əfqanıstan üçün son dərəcə səxavətli donor olub, dünyanın müxtəlif ölkələrindən olan digər səxavətli donorlarla birlikdə humanitar yardımın əsas hissəsini təmin edib", - Aylieff qeyd edib. "İndi yardımı azaltmaq və ya, ümumiyyətlə, bundan tamamilə uzaqlaşmaq zamanı deyil".
AzadlıqRadiosu Ağ evdən məsələ ilə bağlı şərh istəyib. Senatdakı demokratlar ötənaykı hesabatda bildirib ki, prezident Donald Tramp vəzifədə olduğu ilk bir neçə ayda qlobal miqyasda 80 milyard dollar dəyərində 7 min 400-dən çox xarici yardım proqramını dayandırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü avqustun 4-də AzadlıqRadiosuna bildirib ki, "təxminən dörd il ərzində Əfqanıstan xalqı üçün nəzərdə tutulan xarici yardımlar qlobal terrorçu qrup kimi tanınmış "Taliban" tərəfindən sistematik olaraq yönləndirilib və müsadirə edilib".
Mətbuat katibi əlavə edib ki, "Taliban" artıq dörd ildən çoxdur Əfqanıstanda idarəçiliyi ələ keçirib və "Taliban"ın əfqan xalqının rifahını təmin etməsinin vaxtı çatıb".
"Ölümü qəbullanmağa hazır" vəziyyətdə olmaq
Yaranmış vəziyyət Kabil sakini, 42 yaşlı Gül Dəstə kimi insanlar üçün çox ağır nəticələrə səbəb olub. O, əvvəllər Əmək və Sosial İşlər Nazirliyində təmizlikçi kimi işləyib. 2021-ci ilin avqustunda "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra qadınların dövlət orqanlarında işləməsini qadağan ediblər və o, işdən çıxarılıb.
Gül Dəstənin əri ağır şəkər xəstəsidir və işləyə bilmir. Cütlüyün 14 və 16 yaşlı iki qızı və 9 yaşlı bir oğlu var. Ailə beş aydır beynəlxalq ərzaq yardımı paketi almır.
"Elə günlər olub ki, yeməyə heç nəyimiz olmayıb. Qonşulardan yalvarıb aldığım düyünü qaynadıb övladlarıma yedizdirmişəm. Hər gün çox çətindir. Bütün günü ağladığım günlər olub", - o, AzadlıqRadiosuna telefonla müsahibəsində deyib.
Telefonla müsahibə verən başqa bir Kabil sakini də danışarkən göz yaşlarına boğulub.
54 yaşlı Abidə 15 yaşlı oğlu, 26 yaşlı dul qızı və iki nəvəsi ilə birlikdə yaşayan dul bir qadındır. O, "Taliban"ın qadağasına qədər qızlar liseyində təmizlikçi olub. "Taliban" qızlara və qadınlara təhsil almağı qadağan edib.
"Keçən cümə axşamı evdə heç nə yox idi. Hətta kartof və ya pomidor belə yox idi. Həyatıma nifrət etdim. Həyatımız ağrı və çətinliklərlə doludur. Keçən cümə axşamı mən ölməyə belə hazır idim", - o, avqustun 11-də verdiyi müsahibəsində deyib.
Yardıma möhtac olanları geri çevirmək
Aylieff deyib ki, kənd yerlərində vəziyyət daha da pisdir, burada qida ilə təmin olunan 400-ə yaxın klinika maliyyə çatışmazlığı səbəbindən bağlanıb: "Bunun nəticəsi odur ki, biz yüz minlərlə insanı geri çeviririk. Onlar bəzən ən yaxın klinikaya çatmaq üçün beş saat piyada getməli olur. Təsəvvür edin, ora çatırlar və klinikanın bağlı olduğunu görürlər – bu nə qədər əzabvericidir".
Aylieffin sözlərinə görə, WFP hazırda 1 milyona yaxın insanı ərzaqla təmin edə bilir, amma bir il əvvəl bu rəqəm 5 milyon idi. Lakin o əlavə edib ki, təşkilatın maliyyəsi tezliklə tükənəcək və ərzaq yardımı oktyabra qədər, demək olar ki, tamamilə dayandırılacaq.
"Taliban" rəsmiləri isə ölkədəki aclıq böhranı ilə bağlı şərh verməkdən yayınır və bunun əvəzinə ölkənin ümumi iqtisadi çətinliklərində xarici ölkələri günahlandıran qeyri-müəyyən açıqlamalar verirlər.
Məsələn, İqtisadiyyat Nazirliyinin hələ fevralda verdiyi bəyanatda deyilirdi ki, "ABŞ-nin tətbiq etdiyi maliyyə və iqtisadi sanksiyalardan əlavə, aktivlərin dondurulması Əfqanıstanın milli iqtisadiyyatına təsir edib".
Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq hazırlayıb.