Dünya xəbərləri
Soros Ukraynaya sərmayə qoyur

-
ABŞ maliyyəçisi və milyarder George Soros Ukraynanın Ciklum kompüter şirkətində “əhəmiyyətli” pay alır.
Noyabrın 18-də yayılmış bəyanatda deyilir ki, Soros-un Ukraynadakı Yenidənqurma Fondu Ciklum-un danimarkalı təsisçisi Torben Majgaard və özəl Horizon Capital fondundan səhmləri almağa razılaşıb. Sonuncu fondu Ukraynanın maliyyə naziri Natalie Jaresko təsis edib.
Ciklum şirkətinin Ukrayna və digər ölkələrdə 2500 proqramçısı çalışır.
“Bu, Ukraynanın gələcəyini təmsil edən sənayedə çox dinamik şirkətdir,” Soros deyib. “Mən bunu “Yeni Ukrayna”ya sərmayə adlandırıram”.
Soros martda demişdi ki, Ukrayna iqtisadiyyatına 1 milyard dollar qoymağa hazırdır.
Ötən həftə Prezident Petro Poroshenko onu Ukraynanın ali mükafatı olan Azadlıq Ordeni ilə təltif edib.
Bütün xəbərləri izləyin
Macarıstan Rusiya neftinə görə Ukraynanı günahlandırıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto X platformasındakı paylaşımında bildirib ki, onun ölkəsinə gedən neft kəmərinə hücumdan sonra Rusiyadan ölkəyə neft nəqli dayandırılıb. Siyartonun sözlərinə görə, Kiyev enerji infrastruktura yenidən hücum edib və bununla da "Budapeştin enerji təhlükəsizliyinə zərbə vurub".
Macarıstanın XİN rəhbəri hadisənin dəqiq nə vaxt və harada baş verdiyini açıqlamayıb. O, Rusiya energetika nazirinin müavini Pavel Sorokinə istinadən qeyd edib ki, mütəxəssislər boru kəmərinin işini təmin edən transformator yarımstansiyasının bərpası üzərində işləyirlər. Neft tədarükünün nə vaxt bərpa olunacağı, hələlik, məlum deyil.
Siyarto iddia edib ki, Brüssel və Kiyev Macarıstanı Ukraynadakı müharibəyə cəlb etməyə çalışır. "Ukraynanın enerji təchizatımıza təkrar hücumları da eyni məqsədə xidmət edir", - macar nazir əlavə edib.
Nazir bu müharibənin onların müharibəsi olmadığını vurğulayaraq "ukraynalı qərar qəbul edənlərə xatırlatma: Macarıstandan alınan elektrik ölkənizin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayır", - deyə əlavə edib.
Ukrayna xarici işlər naziri Andriy Sibiqa macarıstanlı həmkarının ittihamlarına X platformasından cavab verib. O, bu müharibəni dayandırmayan tərəfin Moskva olduğunu xatırladıb.
"Macarıstana illərdir deyilir ki, Moskva etibarsız tərəfdaşdır. Buna baxmayaraq, Macarıstan Rusiyadan asılılığını saxlamaq üçün hər cür səy göstərib. Hətta genişmiqyaslı müharibə başlayandan sonra belə. İndi siz şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz", - ukraynalı nazir qeyd edib.
Tacikistan hökuməti falçıya gedənləri cərimələmək istəyir

Tacikistan hökuməti falçı və cadugərlərin xidmətindən istifadəyə görə cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Bu barədə AzadlıqRadiosunun tacik xidməti sənəd layihəsinə istinadən məlumat yayıb.
Əgər qanun layihəsi təsdiqlənərsə, bu, ölkənin İnzibati Xətalar Məcəlləsinə daxil ediləcək. Cadugər və falçıların yanına getməyə görə 375–750 somo (40.27-80.5 ABŞ dolları) cərimə tətbiq olunması təklif edilir.
Tacikistanın İnzibati Xətalar Məcəlləsinə əsasən, cadugərlik və falçılıqla məşğul olmaq inzibati məsuliyyətə səbəb olur. Belə ki, fiziki şəxslər 6 min–7 min 500 somo (645-805 dollar) cərimə və ya 10-15 gün müddətinə inzibati həbs oluna bilərlər.
Əgər bir il ərzində eyni pozuntu təkrar olunarsa, cadugərlik və falçılıqla məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Ölkənin Cinayət Məcəlləsində bu halla bağlı 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Pakistanda daşqın və torpaq sürüşməsində 300-dən çox insan həlak olub

Pakistanın şimal-qərbində baş vermiş torpaq sürüşməsi və daşqınlar nəticəsində 340-dan çox insan həlak olub.
Bəzi sakinlər təhlükəli əraziləri tərk etmək barədə onlara xəbərdarlıq edilmədiyini bildirərək hakimiyyət orqanlarını günahlandırıblar. Sakinlərin sözlərinə görə, ucqar bölgələrdə belə elanlar üçün ənənəvi üsul olan məscidlərdən heç bir xəbərdarlıq yayılmayıb.
Hökumət isə bildirib ki, erkən xəbərdarlıq sistemi mövcuddur, lakin qəfil yağan güclü yağışlar səbəbindən daşqın xəbərdarlıqlar verilməzdən əvvəl baş verib.
Avqustun 15-də başlayan qəfil leysan daşqınlara səbəb olub, nəticədə onlarla ev dağılıb, yollar su altında qalıb. Ölkənin Xayber-Paxtunxva əyalətində azı 344 nəfər həlak olub. Pakistanın şimalında yerləşən bu dağlıq əyalətdə ən çox zərər çəkən Buner rayonudur. Yerli rəsmilər bildirib ki, burada 10-12 kənd qismən torpaq altında qalıb.
Əyalətin xilasetmə agentliyinin sözçüsü Bilal Əhməd Faizinin sözlərinə görə, təbii fəlakət nəticəsində Bunerdə azı 208 nəfər həlak olub. O qeyd edib ki, dağıntılar altından cəsədləri çıxarmaq üçün 2 minə yaxın xilasedici prosesə cəlb olunub.
Əyalətin fövqəladə hallar xidməti avqustun 17-də daha 54 cəsədin tapılması barədə məlumat yayıb. Rəsmilər daha əvvəl 150-dən çox sakinin itkin düşdüyünü bildirmişdi.
Xilasetmə əməliyyatı davam edərkən güclü yağış axtarış prosesini son dərəcə çətinləşdirir. Daşqınlar nəticəsində elektrik xətləri və mobil qüllələr zədələndiyi üçün ərazidə elektrik enerjisi və mobil siqnallar yoxdur.
Pakistan Meteorologiya Departamenti isə Xayber-Paxtunxva da daxil olmaqla bir neçə bölgədə yeni yağışların olacağını proqnozlaşdırıb. Avqustun 17-də verilən açıqlamada bildirilib ki, yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.
Son aylarda baş verən daşqınlar Pakistanın müxtəlif bölgələrində ciddi itkilərə səbəb olub.
Pakistanın Milli Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib ki, iyundan iyulun sonunadək yağan yağışlar zamanı baş verən daşqınlar nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla, demək olar, minə yaxın insan ölüb və ya xəsarət alıb.
Mütəxəssislər isə bildirir ki, son illərdə daşqınların artmasının səbəblərindən biri iqlim dəyişikliyidir. İqlim dəyişikliyi nəticəsində yağışlar əvvəlki kimi geniş ərazilərə uzun müddət ərzində bərabər paylanmaq əvəzinə, kiçik ərazilərdə qəfil və şiddətli leysan şəklində yağır.
Rusiyanın silah zavodunda partlayış olub, ölənlər var

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonunda yerləşən "Elastik" silah zavodunun barıt sexində baş verən partlayış nəticəsində azı beş nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Yaralılardan 10-un vəziyyətinin ağır olduğu bildirilib.
"Baza" Teleqram kanalı dağıntıların altında insanların olduğunu və ölənlərin sayının arta biləcəyini yazıb.
2021-ci ilin məlumatlarına görə, zavod artilleriya üçün raketlər, müxtəlif növ təyyarə silahları və sualtı qayıqlar üçün qaz generatorları istehsal edir.
Yerli KİV-in məlumatına görə, sexdə yanğın səhər saat 10:30 radələrində baş verib. Partlayış nəticəsində barıt sexinin binası tamamilə dağılıb.
Partlayışın səbəbi hələlik məlum deyil.
Ərdoğan CHP liderini məhkəməyə verib, 25 min dollar istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifətinin lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli böhtan atması iddiası ilə məhkəməyə verib. Prezident Ərdoğan Bayrampaşada keçirilən mitinqdəki çıxışı, eləcə də Marmara həbsxanasını ziyarət etdikdən sonra açıqlamasına görə Özəldən mənəvi zərər kimi 1 milyon lirə (25 min dollar) tələb edir.
Apreldə də Ərdoğan Özələ qarşı oxşar iddia qaldırmışdı, lakin bu məbləğ daha az - yarım milyon lirə idi. Həmin iddia CHP üzvü və İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu həbs etdikdən sonra qaldırılıb. İmamoğlu gələcək prezident seçkisində Ərdoğanın əsas rəqibi sayılırdı. Lakin o, korrupsiya və başqa cinayətlərdə ittiham olunub və məhkəmə iyulda İmamoğlu barəsində 1 il 8 ay həbs hökmü çıxarıb. İmamoğlu ilə yanaşı, eyni korrupsiya ittihamı ilə CHP-ni təmsil edən Adana, Antalya və Adıyaman bələdiyyələrinin rəhbərləri də saxlanıb.
Ö.Özəlin son açıqlamaları da İmamoğlu işi ilə bağlıdır. O, avqustun 13-də keçirilən mitinqdə İmamoğlunun həbsinə görə prezident Ərdoğanın məsuliyyət daşıdığını bildirib.
'Sərhədsiz Reportyorlar' Rusiyada 'arzuolunmaz' oldu

Rusiya Ədliyyə Nazirliyi "Sərhədsiz Reportyorlar" (RSF) beynəlxalq jurnalist təşkilatının adını Rusiyada "arzuolunmaz" təşkilatlar siyahısına əlavə edib.
2024-cü ilin aprelində "Roskomnadzor" "Sərhədsiz Reportyorlar"ın internet saytını bloklayıb. 2025-ci ilin iyulunda isə Baş Prokurorluq qurumun Rusiyada "arzuolunmaz" kimi tanınması barədə qərar qəbul edib.
Beynəlxalq qeyri-hökumət təşkilatı olan RSF 1985-ci ildə Fransada yaradılıb. Onun devizi bütün dünyada mətbuat azadlığını, jurnalistləri və internet istifadəçilərini müdafiə etməkdir. Təşkilat hər il müxtəlif ölkələrdə söz azadlığının məhdudlaşdırılması və jurnalistlərin təqibi barədə məlumat verən "Mətbuat azadlığı barometri" adlı hesabat dərc edir. Bu hesabatda Rusiya hər il getdikcə geriləyir.
Rusiyada 'Telegram' və 'WhatsApp' zəngləri 'qismən' bloklandı

"Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" messencerlərində zənglərin qismən məhdudlaşdırıldığını bildirib. Hökumət qurumu bu qərarın hüquq-mühafizə orqanlarının materiallarına əsasən cinayətkarlarla mübarizə məqsədilə verildiyini iddia edib.
"Hüquq-mühafizə orqanlarının məlumatlarına və vətəndaşların çoxsaylı müraciətlərinə əsasən, xarici messencerlər – "Telegram" və "WhatsApp" Rusiya vətəndaşlarının aldadılması və pul tələb edilməsi, həmçinin vətəndaşların təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün əsas səsli rabitə xidmətlərinə çevrilib. Bu istiqamətdə cavab tədbirlərinin görülməsi ilə bağlı messencerlərin sahiblərinə dəfələrlə edilən müraciətlər nəzərə alınmayıb", - "Roskomnadzor"un mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, messencerlərin digər funksiyalarına heç bir məhdudiyyət tətbiq edilmir.
"Verstka" yazır ki, "WhatsApp"ın Rusiyada aylıq auditoriyası 97.5 milyon nəfərə çatır, "Telegram"dan isə 90.5 milyon insan istifadə edir. Bu, ölkə əhalisinin əksəriyyətini təşkil edir. Nəşr bildirir ki, Rusiya hakimiyyəti ölkədə xarici tətbiqlərin bloklanmasını və dövlət tərəfindən dəstəklənən "Max" messenceri üçün əlverişli bazarın yaradılmasını nəzərdən keçirir.
Putinin iqamətgahı çevrəsində 12 hava hücumundan müdafiə mövqeyi qurulub

Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında 12 hava hücumundan müdafiə (HHM) mövqeyi qurulub və bu mövqelər əsasən "Pantsir-S1" hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub. Bu barədə "Yandeks"dəki yeni peyk şəkilləri və "Yandeks.Zerkala"” xidmətinin fotoşəkillərini araşdıran AzadlıqRadiosunun Rusiya xidməti məlumat yayıb.
Bildirilir ki, Putinin həyat yoldaşı olduğu iddia edilən Alina Kabayeva və onların birgə övladları tez-tez Valdayda vaxt keçirirlər.
"Proyekt" 2023-cü ildə yazmışdı ki, Kabayeva və uşaqları üçün Valdayda yeni ev tikilib, onun köməkçiləri isə iqamətgahın yaxınlığında mənzillər alıblar.
Moskva şəhərində və əhalisi 20 milyondan çox olan Moskva vilayətində isə jurnalistlər yalnız 60 hava hücumundan müdafiə mövqeyi müəyyən ediblər.
2022-ci ildən FSB-nin saxlamaları zamanı azı 70 nəfər öldürülüb

2022-ci ilin fevralından - Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlayandan bəri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) həbs əməliyyatları zamanı Rusiyada azı 65 nəfər, Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş hissəsində isə dörd nəfər qətlə yetirilib, bir nəfər isə Samarada əməliyyat zamanı özünü partladıb.
"IStories" bu rəqəmi Rusiyanın terrorla Mübarizə Milli Komitəsi, İstintaq Komitəsi, FSB, dövlət xəbər agentlikləri və hüquq-mühafizə orqanlarına yaxın medianın dərc etdiyi xəbərlərə əsaslanaraq hesablayıb.
Bildirilib ki, 2022-ci ilin fevralından bəri FSB-nin həbs əməliyyatları zamanı öldürülənlərin 44-ü Rusiya vətəndaşı olub. Hüquq-mühafizə orqanlarının mətbuat açıqlamalarında doqquz nəfərin Mərkəzi Asiya ölkələrindən olduğu göstərilib, ancaq onların vətəndaşlıqları qeyd olunmayıb. Öldürülənlər arasında Qazaxıstan, Ukrayna və Belarus vətəndaşları da olub.
FSB öldürülənlərin 28-ni Ukrayna kəşfiyyat xidməti ilə əlaqədə və ya AFU daxilindəki könüllü birləşmələrin göstərişləri əsasında hücumlar hazırlamaqda şübhəli bilib. Öldürülən 27 nəfər İŞİD ilə əlaqədə şübhəli bilinib.
"IStories" qeyd edib ki, şübhəlilərin çoxu Şimali Qafqazdakı saxlanılma əməliyyatlarında öldürülüb - Dağıstan və İnquşetiyada 12, Kabardin-Balkarda isə doqquz nəfər.
"IStories" vurğulayıb ki, reallıqda 2022-ci ildən bəri FSB əməliyyatları zamanı öldürülənlərin sayı daha çox ola bilər. Çünki bu hesablama yalnız təhlükəsizlik xidmətinin ictimaiyyətə açıqladığı məlumatlar əsasında aparılıb.
İran polisi: İyunda İsraillə müharibə dövründə 21 min nəfər saxlanılıb

İran polisi bildirib ki, iyunda İsraillə 12 günlük müharibə zamanı təhlükəsizliklə bağlı pozuntulara görə 21 minə yaxın adam saxlanılıb. Bu rəqəm əvvəlki rəsmi hesablamalardan xeyli yüksəkdir.
Polisin sözçüsü Səid Müntəzirolmehdi avqustun 12-də bildirib ki, ictimaiyyətin verdiyi məlumatlar həbslərdə mühüm rol oynayıb. Saxlanılanlardan neçə nəfərin hələ də həbsdə qaldığı bəlli deyil.
Onların 2 min 774-ü casusluqda ittiham olunan xarici ölkə vətəndaşlarıdır. Hakimiyyət orqanları onların telefonlarında hərbi mövqelərin, vacib obyektlərin şəkilləri və göndərilmiş məkan məlumatları kimi şübhəli fəaliyyətlərə dair dəlillərin olduğunu iddia edib.
Daha 261 nəfər casusluqda şübhəli bilinib, 172 nəfər isə icazəsiz çəkilişə görə həbs olunub.
Polisin açıqlaması iyulun sonunda İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ejeinin sözləri ilə ziddiyyət təşkil edir. O, münaqişə zamanı və sonrasında təxminən 2 min nəfərin həbs edildiyini bildirmiş, araşdırmalardan sonra onların çoxunun casusluq və ya İsraillə əməkdaşlıq ittihamları təsdiqini tapmadığından azad edildiyini demişdi.
İnsan haqları qrupları İranda repressiyaların miqyası ilə bağlı həyəcan təbili çalıb.
ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) münaqişə zamanı yüzlərlə həbsi sənədləşdirib. Bildirilib ki, bu həbslərdə daha çox etnik azlıqlar və fəallar hədəf alınıb. "Amnesty International" isə İranın müharibədən sonra edamların artmasını pisləyib, işgəncə, ədalətsiz məhkəmələr və özbaşına qətllər barədə xəbərdarlıq edib.
İyunun sonundan bəri İranda İsrailin xeyrinə casusluqda ittiham olunan ən azı 7 nəfər edam edilib.
İran hakimiyyəti İsrailin Mossad kəşfiyyat agentliyinin ölkəyə dərindən nüfuz etməsindən narahatdır. Görünür, bu, İranda dağıdıcı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsinə imkan verib.
İyunda parlament casusluq və düşmən xarici hökumətlərlə, xüsusilə İsraillə əməkdaşlıq üçün cəzaları kəskin sərtləşdirməyi nəzərdə tutan qanun layihəsini qəbul etsə də, Konstitusiyanın Müdafiə Şurası bu qanun layihəsini rədd edib. Amma sözügedən qurumun sözçüsü bildirib ki, qanun layihəsi dəyişikliklər edildikdən sonra təsdiqlənə bilər.
FT: Avropanın silah zavodları üçqat sürətlə böyüyür

"The Financial Times" yazır ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayandan bəri Avropa hərbi-sənaye kompleksi müəssisələrinin genişlənmə tempi üç dəfə artıb.
Nəşr 37 şirkətə məxsus 150-dən çox hərbi-sənaye obyektini araşdırıb. Jurnalistlər mindən çox peyk şəklini təhlil ediblər. Görüntülərin təxminən üçdə birində davam edən tikinti işlərini göstərən dəyişikliklər əks olunub.
Bildirilib ki, bu müəssisələrin sahəsi 7 milyon kvadratmetr artıb. Əgər 2021-ci ildə 0.79 kvadratkilometr sahədə iş aparılırdısa, 2024-cü ilin yazında tikinti sahəsi 3.02 kvadratkilometr, bu ilin yazında isə 2.8 kvadratkilometrə çatıb.
Son üç ildə hərbi-sənaye kompleksində ən böyük layihələrindən biri Almaniyanın "Rheinmetall" şirkəti ilə Macarıstanın 7 nömrəli dövlət müdafiə holdinqinin birgə layihəsi olub. Bu layihə çərçivəsində "Rheinmetall"ın "KF41 Lynx" piyada döyüş maşını üçün 30 mm-lik sursat istehsal olunur, gələcəkdə "Leopard" və "Panther2" tankları və digər silah növləri üçün sursatın istehsalı planlaşdırılır.
Təhlil edilmiş 150 hərbi-sənaye obyektinin 88-i Avropa İttifaqının 500 milyon avro ayırmağı nəzərdə tutduğu silah istehsalına dəstək proqramı çərçivəsində maliyyələşdirilir.
Avropada yenidən silahlanmanın olduğunu qeyd edən "The Financial Times" sülh dövrünə xas istehsaldan daha dayanıqlı müharibə aparılması üçün sənaye bazasının yaradılmasına doğru keçidi vurğulayır.
Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb

Avqustun 12-də "EAGLE PARTNER 2025" Ermənistan-ABŞ birgə hərbi təlimlərinə start verilib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasiminə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn, yüksəkrütbəli hərbçilər və qonaqlar qatılıblar.
Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirilən təlimlər avqustun 20-dək davam edəcək. Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunublar.
Sankt-Peterburqda xaricilərə kuryerlik qadağan edilib

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərdə miqrantların kuryer kimi işləməsini qadağan edən qərar imzalayıb. Bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "qəbul olunan qərar kölgə məşğulluğu ilə mübarizə, kuryer xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, həmçinin Rusiya vətəndaşları, ilk növbədə də gənclər və tələbələr üçün yeni iş yerlərinin yaradılmasına yönəlib".
Qubernatorun ofisi deyib ki, xarici kuryerlər ümumi kuryer sayının "cüzi" hissəsini təşkil edir, ona görə də yeni qərar çatdırılma bazarına təsir etməyəcək. Yeni qayda üç ay sonra qüvvəyə minəcək.
Bu il iyulun sonunda məlum olub ki, Sankt-Peterburq qubernatoru miqrantların şəhərdə taksi sürməsini və icarəyə götürülmüş şəxsi avtomobillərlə işləməsini də qadağan edib.
2025-ci ilin əvvəlinə olan məlumata görə, Rusiyanın 47 regionunda miqrantların taksi və ictimai nəqliyyatda, 39 regionunda ticarətdə, 27 regionunda təhsildə, 19 regionunda isə tibb sahəsində işləməsi qadağan edilib. Bəzi ərazilərdə regional hakimiyyət orqanları, əsasən, yardımçı işlərdə çalışanlar və təmizlik işçiləri üçün istisnalar edir.
Son illərdə Rusiya hakimiyyəti miqrantları xırda qayda və hüquq pozuntularına görə "nəzarət olunan şəxslər" reyestrinə salır, miqrantları vətəndaşlıqdan məhrumetmə səbəblərinin siyahısını genişləndirir. Miqrantların uşaqları ümumtəhsil məktəblərində oxuya bilmək üçün rus dili üzrə qəbul imtahanı verməyə məcbur edilir və uşaqların məlumatları, eləcə də imtahan nəticələri DİN-ə ötürülür. Miqrant yataqxanalarında tez-tez polis reydləri keçirilir, bu reydlərdə saxlanılanlar Ukraynada müharibəyə göndərilməyə məcbur edildiklərini bildirir.
Ötən ilin martında "Crocus City" konsert məkanına terror hücumundan sonra Rusiyada əmək miqrantlarına qarşı siyasət kəskin şəkildə sərtləşib. Tacikistan vətəndaşları terror hücumunu törətməkdə ittiham olunub.
Tramp Çin idxalına yeni tariflərin dondurulmasını daha 90 gün uzadıb

ABŞ prezidenti Donald Tramp idxal olunan Çin mallarına ticarət rüsumlarının artırılmasını donduran fərman imzalayıb. Vaşinqton və Pekin arasında ticarət danışıqları üçün ayrılmış son müddətin bitməsinə bir neçə saat qalmış qüvvəyə minən qərar 90 gün qüvvədə olacaq.
Yazda Tramp Çin mallarına tətbiq olunan rüsumları əvvəlcə 125, sonra isə 145 faizədək artırıb, daha sonra bu qərar qarşılıqlı ticarət güzəştləri ilə bağlı danışıqlar müddətində təxirə salınıb. Avqustun 12-nə keçən gecə Vaşinqton və Pekin arasında ticarət müharibəsindəki "müvəqqəti atəşkəs"in müddəti başa çatırdı.
Əvvəl tətbiq edilmiş rüsumlardan əlavə, Trampın daha bir təşəbbüsü Çinin ABŞ-yə ixracına təhlükə yaradır. Bu, Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı vəd etdiyi rüsumların artırılması ilə bağlıdır. Avqustun əvvəlində prezident Tramp bu qərarın Pekinə də şamil oluna biləcəyini istisna etməyib. Çin isə Rusiyadan neft alışını dayandırmağı planlaşdırmadığını açıq şəkildə bəyan edib.
ISW: Putin ABŞ ilə Avropanın arasını vurmağa çalışır

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Kreml Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitindən Ukraynada sülhün əldə olunması istiqamətində səylər göstərməkdənsə, ABŞ və Avropa arasında ixtilaf yaratmağa çalışacaq.
Rusiya rəsmilərinin bəyanatlarını təhlil edən ISW analitiklərinin qənaəti budur ki, Rusiya öz əsas məqsədlərində güzəştə getmək istəmir. Bu məqsədlər isə Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq, Ukraynada hakimiyyəti rusiyayönlü hökumətlə əvəzləmək və Ukraynanın demilitarizasiyasını ehtiva edir ki, bu da ölkənin tam təslim olması deməkdir. ISW ekspertlərinin fikrincə, Rusiya, çox güman ki, gələcək atəşkəs razılaşmalarını pozacaq və Ukraynanı bu cür pozuntularda ittiham edəcək.
ISW Avropanı ABŞ-nin Ukraynada müharibəni dayandırmasına mane olmaqda ittiham edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə diqqət çəkib.
Rusiyalı politoloq Sergey Markov isə avqustun 10-da "The Washington Post"a müsahibəsində bildirib ki, Putinin Alyaska sammitində əsas vəzifəsi Ukraynada sülhə maneə kimi Rusiyanı deyil, Ukrayna və Avropanı təqdim etməkdir. O, həmçinin qeyd edib ki, Rusiya heç bir güzəştə getməyəcək.
D.Tramp və V.Putin arasında görüşün avqustun 15-də Alyaskada baş tutacağı gözlənilir.
Rusiya 2014-cü ildə Krım yarımadası və şərqi Ukraynanın bir hissəsinə nəzarəti ələ keçirib. Moskvanın Rusiyaya aid olduğunu iddia etdiyi Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin əhəmiyyətli hissələri də daxil olmaqla, ölkənin beşdə birini işğal edib.